"BAŞLANĞIC" Gənc Rəssamların Sərgisi
16 Mart tarixində saat 1800-da Zirə Mədəniyyət Mərkəzinin birinci mərtəbəsində Mərkəzin rəssamlıq kursu “Art Studiya”-nın tələbələrinin hesabat sərgisinin açılışı keçirilmişdir. Sərgidə 5 yaşdan 30 yaşadək gənc və həvəskar rəssamların əl işləri sərgilənmiş, sərgilənən işlərin ümumi sayı 155 ədəd olmuşdur.
Tədbir təbrik nitqi ilə açıldı. Qeyd edildi ki, Mərkəz 2015-ci il 30 dekabr tarixindən rəsmi fəaliyyətə başlamışdır. Və bu tarixdən etibarən Mərkəzdə istedadlı yeniyetmə və gənclərin toplandığı “Art Studiya” tam gücü ilə rəssam Məzahir Rüstəmovun rəhbərliyi altında inkişaf yoluna qədəm qoymuşdur. Zirə Mədəniyyət Mərkəzinin çoxşaxəli tədris sahəsinin mühüm hissələrindən biri, “Art-Studiya”da gənc rəssamların inkişafı, sənət yolunda püxtələşməsi üçün hər bir şərait yaradılmışdır. Burada rəngkarlıq sirrləri, sənət tarixi, ebru, batika, taxta üzərində oyma sənəti, landşaft dizaynı nümunələri kimi bir çox müxtəlif istiqamətlər öyrənilir. Mərkəzimizin qonağı olmuş xarici və yerli vətəndaşlar, Azərbaycanın dünya şöhrətli Ömər Eldarov, Tahir Salahov, Sakit Məmmədov kimi sənət xadimləri burada rəssamlar üçün yaradılmış şəraitdən olduqca razı qalmışlar.
Studiyanın fərqli yaş səviyyəsinə malik tələbə kontingentini özündə birləşdirən bu sərgidə 5 yaşından 30 yaşadək olan uşaq, yeniyetmə, gənc və həvəskar rəssamların bir illik fəaliyyət dövrünü əks etdirən əl işləri toplanmışdır. Bəzi əsərlər tamlığı, digərləri süjet orijinallığı, bəziləri isə müəllifin ilk addımları və axtarışları ilə diqqəti cəlb edir.
Sərgidə iştirakına görə gənc rəssamlara diplom və hədiyyələr təqdim olundu. Diplom və hədiyyələri Mərkəzin direktoru Xumara xanım Əliyeva və rəssam Məzahir Rüstəmov təqdim etmişlər. Məzahir Rüstəmov tələbələrini təbrik edərək onlara yeni-yeni nailiyyətlər, bol uğurlar arzu etdi.
Tədbirdə xüsusi qonaq qismində Bakı şəhəri Nizami rayonu 1№li Uşaq Evinin yetirmələri iştirak etmişlər. Onlara da Mərkəz adından xüsusi hədiyyələr təqdim edildi.
Zirə Mədəniyyət Mərkəzinin foyesində Art Studiya tələbələrinin “Başlanğıc” sərgisi 16 Mart tarixindən 30 Mart tarixinədək davam edəcək, giriş sərbəstdir.