Azərbaycan Xalça Muzeyində "Bakı xalçaları. Yeni çeşnilər" sərgisi çərçivəsində rəssamlarla görüş olacaq
Azərbaycan Xalça Muzeyində 13 aprel tarixində saat 15.00-da "Bakı xalçaları. Yeni çeşnilər" sərgisi çərçivəsində xalçaçı-rəssamlarla görüş keçiriləcək. Məqsəd yeni sərgidə nümayiş olunan çeşnilərin müzakirəsi, həmçinin ekspertlərlə qarşılıqlı fikir mübadiləsi aparmaqdır. Tədbirdə Azərbaycan Xalça Muzeyinin Elmi Şurasının üzvləri, Zirə Mədəniyyət Mərkəzi - Eko Parkın əməkdaşları, o cümlədən, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Rəssamlıq Kollecinin tələbələri iştirak edəcəklər.
Görüş zamanı çeşnilərin müəllifləri olan Zirə Mədəniyyət Mərkəzi - Eko Parkın xalçaçı-rəssamları müəllifi olduqları yeni çeşnilərdə ərsəyə gələn xalçalar, burada işlədilən yeni ornamentlər haqqında ətraflı məlumat verəcəklər. Xalça müəllifləri ilə yanaşı, "Bakı xalçaları. Yeni çeşnilər" adlı kitabın mətninin müəllifi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının «İncəsənət tarixi» kafedrasının professoru Kübra Əliyeva da çıxış edəcək.
Xatırladaq ki, Azərbaycan Xalça Muzeyində aprelin 4-də “Bakı xalçaları. Yeni çeşnilər” kitabının təqdimatı və yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərginin açılışı olub. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Xalça Muzeyi və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın təşkilatçılığı ilə keçirilib. Sərgidə Bakı qrupu xalçalarının klassik kompozisiyaları, rəng və naxışsalma ənənələri nəzərə alınaraq, Bakı ətrafı kəndlərin ayrı-ayrılıqda yeni rəmzi işarələri, simvolik obrazları əsasında işlənib hazırlanmış xalçalar nümayiş olunur. Çeşnilərin hər birində Bakı kəndlərinin özünəməxsus yaşam və düşüncə tərzini, tarixi rəmzlərini xalça elementlərinə çevirməklə Azərbaycan xalçaçılıq ənənələri zənginləşdirilib.
Aprelin 15-dək davam edəcək sərgi hazırda ziyarətçilərin üzünə açıqdır.