Tacikistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev Zirə Mədəniyyət Mərkəzi - EKO Parkın qonağı olmuşdur
Zirə Mədəniyyət Mərkəzi – EKO Parkın növbəti qonağı Tacikistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev olmuşdur. İlk öncə mərkəzin rəhbərliyi ilə görüşən cənab səfir Mərkəzlə tanış olarkən burada məktəbli və tələbələr üçün yaradılmış kurslar və şəraitlə yaxından tanış olmuşdur. Xalça Muzeyində nümayiş edilən iki ekspozisiya: yaşı yüzdən çox olan "Qədim xalılar" və Bakı kəndləri adına yeni yaradılmış "Bakı qrupu: Yeni çeşnilər" ekspozisiyası cənab səfirin diqqətini cəlb etmişdir.
Çay süfrəsi ətrafında mərkəzin icraçı direktoru Elnur Sadıqov ilə söhbət zamanı Tacikistan – Azərbaycan mədəni-ictimai əlaqələri, birgə mədəni və kütləvi tədbirlərin keçirilməsi və bir sıra digər məsələlər barəsində danışılmış, gələcəkdə sıx əməkdaşlıq edilməsi barədə razılığa gəlinmişdir. Səfir Tacikistan Respublikası adına "Xatirə bağı"nda ağac əkmişdir. Mərkəz adından cənab səfirə "Yaxın-Uzaq Zirə" və "Bakı xalçaları: Yeni çeşnilər" kitabları hədiyyə verilmişdir. Sonda cənab səfirlə kollektiv şəkil çəkilmişdir.