Latviya Respublikasının səfiri Dainis Qarançs və İsveçin müvəqqəti işlər vəkili Kristian Kamill EKO Parkın qonağı olmuşdur
24 oktyabr 2019-cu il tarixində Zirə Mədəniyyət Mərkəzi - EKO Parkın növbəti qonaqları Latviya Respublikasının səfiri Dainis Qarançs və İsveçin müvəqqəti işlər vəkili Kristian Kamill olmuşlar. Mərkəzlə tanışlıq foyedə qurulmuş Heydər Əliyevin büstü önündən başlanmışdır. Burada Mərkəzin yaranması, Zirə və ətraf kəndlərdə Heydər Əliyev Fondu tərəfindən görülmüş işlər barəsində məlumat verilmişdir. Mərkəzin birinci mərtəbəsində qurulmuş tədris kursları və dərnəklərlə tanışlıq zamanı burada şagird və tələbələr üçün yaradılmış tədris imkanları və şəraitlə yaxından tanış olmuşlar. Xalça Muzeyində nümayiş edilən Rusiya İmperatorunun əmri ilə 1903-cü ilə aid Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirildikdən sonra tərtib edilmiş topoqrafik xəritənin surəti cənab səfirlərin böyük diqqətinə səbəb olmuşdur. Səfirlərə qədim Azərbaycan torpaqları, qədim İrəvan xanlığı barəsində geniş məlumat verilmişdir. Xalça Muzeyinin iki ekspozisiya: yaşı yüzdən çox olan "Qədim Xalılar" və Bakı kəndləri adına yeni yaradılmış "Bakı qrupu: Yeni çeşnilər" ekspozisiyası cənab səfilərin diqqətini cəlb etmişdir. Layihənin unikallığı və gələcək üçün vacibliyini önə çəkən İsveçin müvəqqəti işlər vəkili Kristian Kamill görülmüş işin həcmini yüksək dəyərləndirmişdir. Xalça Muzeyinin nəzdində təşkil edilmiş ödənişsiz Xalça tədrisi kursunun qədim xalçaçılıq ənənələrinin qorunaraq gələcək nəsillərə ötürülməsi yolunda mühüm rol oynadığı xüsusi qeyd edilmişdir.
Çay masası arxasında söhbət zamanı icraçı direktor Elnur Sadıqov cənab səfirlərə dəvəti qəbul edərək Zirə Mədəniyyət Mərkəzi EKO Parka gəldikləri üçün təşəkkür edərək Mərkəzin yaradılması və imkanları barədə ətraflı məlumat vermişdir. İsveçin müvəqqəti işlər vəkili Kristian Kamill və Latviya Respublikasının səfiri Dainis Qarançs qarşılıqlı olaraq dəvət üçün təşəkkürlərini bildirmişdir. Mədəniyyət və Eko-Park ilə yaxından tanış olan səfirlər "Xatirə bağı"nda ağac əkmişlər. Qonaqlar mərkəzin işçi heyəti ilə birgə foyedə Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkmişlər.