Haqqımızda
Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilib.
Mərkəz ərazisinin ümumi sahəsi 10 ha-dır. Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib.
Xüsusi yaşıllıq zolaqları salınıb, dekorativ şam, kin-konq, şabalıd, mavi sərv, leylandra və leylandra koldreks, lisidium, sürünən küknar kolları və qızıl gül, qavra, lavanda, yaşıl taflan, çobanyastığı, qartopu, çin qızılgülü, ətirşah, payız gülü kimi bəzək gülləri, növbənöv sarmaşıqlar əkilib. Daş palıd zolağı və çinar zolağı xüsusilə seçilir. Ərazidə, həmçinin ərik, alma, armud, heyva, gilas, gavalı, alça, xurma, badam, əzgil, tut, qoz, əncir, nar, feyxoa, narıngi, limon, portağal və zeytun ağaclarından bağ salınıb.
Parkda fəvvarələr qurulub, kiçik süni su hövzələri – gölməçələr yaradılıb. Ərazinin düzgün suvarılması üçün 2 tip - xüsusi damla və sprint sistemləri yaradılıb. Suvarma sistemi kompüterlə avtomatik idarə olunur. Parkda asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət zonaları yaradılıb, köşklər qurulub, skamyalar düzülüb. Xüsusi işıqlandırma sistemi yaradılıb ki, bu da Park və Mədəniyyət Mərkəzinin gecə görünüşünü xüsusi ilə cəlbedici edir.
Ərazidəki Fontanlar Meydançası pilləli olmaqla xüsusi su-kanal sistemi ilə yaradılıb. Fəvvarələrin xüsusi və rəngarəng işıqlanma sistemi gecə vaxtı xüsusi bir estetika yaradır.
Park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, idman trenajor qurğuları quraşdırılıb. Kiçik yaşlı uşaqlar üçün elektromobil və velosipedlərdən ibarət xüsusi park yaradılıb. Əraziyə 25 adda 150-dək ekzotik quş gətirilib, onların saxlanması və artırılması üçün müvafiq şərait olan Quş parkı yaradılıb.
Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzinin ümumi sahəsi 6000 m2-dir. Bina 2 və 1 mərtəbəlidir.
Binanın I mərtəbəsi 4000m2-dir. Burada qəbul (resepşn) sahəsi, Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis,fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi fəaliyyət göstərir.
Qalereya - yaşıllıq ərazisində müxtəlif növ ekzotik bitkilər: güllər, kol və ağaclar əkilib, su-kanal sistemi yaradılıb, köşklər qurulub və onlar istirahət üçün yumşaq mebellərlə təmin olunub. Bitkilərin təbii işıqlanması üçün şüşə tavan quraşdırılıb.
Iş kabinetləri - Seçicilər və qəsəbə sakinləri ilə qəbul və görüşlərin keçirilməsi üçün nəzərdə tutulub. Müvafiq avadanlıqlarla təmin olunub.
Konfrans zalı - Seminar, treninq, iclas, prezentasiya, yığıncaq və konfransların keçirilməsi üçün nəzərdə tutulmuş 60 nəfərlik zal rahat mebel, monitor, kompüter və WI-FI sistemi ilə təchiz edilib.
Furşet və Təqdimat zalı - açıq havada furşetlər, təqdimatlar, görüşlər, nişan və doğum günlərinin keçirilməsi üçün hər bir şərait yaradılmış bir məkandır. Təkrarolunmaz tərtibat canlı çiçəklər və gözəl dizaynda öz əksini tapır.
Həyat abidəsi - Eko-parkda təravətli yaşıllığın içərisində üç metrlik “Ürək” abidəsi qoyulub. Abidənin müəllifi Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevadır. Uzun illərdir ki, Leyla Əliyevanın vətəndaş mövqeyi nəsli kəsilməkdə olan heyvanların populyasiyasının qorunub saxlanılması və qoruqların mühafizəsi ilə bağlı fəaliyyətində aydın görünür. Leyla Əliyevanın bu məqsədlə təsis etdiyi IDEA (Ətraf Mühit Naminə Beynəlxalq Dialoq) ictimai birliyi tərəfindən “Böyuk Qafqaz beşliyi” – Qafqaz faunasının nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan beş növü müəyyən edilib. Bu beşliyə ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiri daxildir. Canlı təbiətin onun bütün müxtəlifliyi ilə qorunub saxlanması müasir dövrün ən mühüm vəzifəsidir. Canlı təbiət dünyanın ürəyidir, nə qədər ki, bu ürək döyünür, yer üzündə həyat davam edəcək.
Zirə Cinema - Burada 300 nəfərlik konsert, toplantı və 3D kinozalı fəaliyyət göstərir. Kinozal müasir tələblərə cavab verən ən son texnologiya ilə təchiz olunub. Zalda ən son filmlərin nümayişi və izləyicilərin rahatlığı üçün hər bir şərait yaradılıb, xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq, soyutma-isitmə və havalandırma sistemləri qurulub,VİP zona yaradılıb. Zalda, həmçinin konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkindür.