Görkəmli istiqlalçı, ictimai xadim, publisist, yazıçı, dramaturq Mirzə Bala Məhəmmədzadənin anadan olmasının 120 illiyi
Görkəmli istiqlalçı, ictimai xadim, publisist, yazıçı, dramaturq Mirzə Bala Məhəmmədzadənin anadan olmasının 120 illiyi münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər İnkişaf Fondu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Zirə Mədəniyyət Mərkəzi Eko-Park və Zirə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Zirədə Mirzə Bala Günü” təşkil edilmişdir. Xəzər rayonu Zirə qəsəbəsində Yeni Sahədə, əsas küçələrdən birinə M. B. Məhəmmədzadənin adı verilmiş, onun barelyefi qurulmuşdur. Tədbir saat 11 00 -da barelyefin açılışı ilə başlamışdır. Tədbiri təbrik sözü ilə Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq qonaqları salamlamışdır. O, Zirə qəsəbəsində görülmüş quruculuq işləri, inkişafdan danışmışdır.
Xəzər İcra hakimiyyətinin nümayəndəsi Arif Balayev, filologiya elmləri doktoru, professor Asif Rüstəmli çıxış etmişlər.
Tədbirin ikinci hissəsi Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın konfrans zalında baş tutmuşdur. Saat 12 00 -da başlayan konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış sözü ilə açaraq Mirzə Bala və Cümhuriyyət qurucuları barədə danışmışdır.
Yazıçı İlqar Fəhmi “Mirzə Bala Məhəmmədzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda məruzə etmişdir.
Filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Mirzə Bala Məhəmmədzadənin Bakı dövrü həyatı və yaradıcılığı” mövzusunda məruzə etmişdir.
Akademik Nizami Cəfərov, Teymur Kərimli, professor Cahangir Məmmədli və Nəsir Əhmədli çıxış etmişlər.
Azərbaycan Cümhuriyyətinin 1920-ci il İsmailliyyə binasında dalğalanmış bayrağını qızıl ordu əsgərlərindən xilas edərək qoruyub mühacirətə aparmış Mirzə Bala Məhəmmədzadə irsini, onun məkubları, xatirələri, şəkillərini Azərbaycana qaytarmış Əfqan Vəliyev çıxış edərək Mirzə Bala
Məhəmmədzadə barəsində geniş çıxış etmişdir. Tədbir boyu Mirzə Bala Məhəmmədzadənin 120 illiyinə həsr edilmiş slaydlar nümayiş etdirilmişdir.