Bakı xalçaları. Yeni çeşnilər adlı layihə və “Əjdahalı” xalçasının təqdimatı
Aprelin 4-də Azərbaycan Xalça Muzeyində “Bakı xalçaları. Yeni çeşnilər” adlı kitabın geniş ictimaiyyətə təqdimatı və yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərgi keçiriləcək. Bununla yanaşı, tədbirdə Azərbaycan Xalça Muzeyinə Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuş XVII əsrə aid Qarabağın “Xətai” (Əjdahalı) xalçasının təqdimatı da olacaq. Bu, muzeyə Fond tərəfindən verilən ikinci hədiyyədir.
Tədbirin təşkilatçıları – Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Xalça Muzeyi və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkdır.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirlyi, “Regional İnkişaf” İctimai Birliyi, eyni zamanda Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın rəhbərliyi və əməkdaşları, bir sıra dövlət və qeyri-hökumət strukturlarının, KİV nümayəndələri iştirak edəcəklər.
****
“Bakı xalçaları. Yeni çeşnilər” adlı layihə “Regional İnkişaf” İctimai Birliyi və Zirə Mədəniyyət Mərkəzi – Eko-Park tərəfindən hazırlanmışdır. Layihə çərçivəsində Bakı qrupuna aid yeni 30 ədəd xalça çeşnisi tərtib olunmuş, onların əsasında xalçalar toxunulmuş, “Bakı Xalçaları. Yeni çeşnilər” adlı kitab hazırlanmışdır.
Bu layihə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Bakı və Bakıətrafı kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına, Zirə Mədəniyyət Mərkəzi – Eko-Parka göstərdiyi böyük diqqət və qayğıya ehtiram nümunəsi, minnətdarlıq hissinin ifadəsidir.
Zirə Mədəniyyət Mərkəzi – Eko-Park Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə unikal layihə əsasında yaradılmışdır. Mərkəzin çoxprofilli fəaliyyət sferasına Zirə Xalça Muzeyi, Xalça Tədrisi Mərkəzi və Xalçaçılıq Müəssisəsi də daxildir. 2016-cı ildən fəaliyyət göstərən Zirə Xalçaçılıq Müəssisəsində Azərbaycanın Bakı qrupu xalçaçılıq ənənələrinə uyğun klassik və müasir çeşnili xalçaların toxunması uğurla həyata keçirilir.
Burada qədim çeşnilərlə bərabər, Bakı kəndlərinin etnoqrafiyası araşdırılmış, xalçaçı-rəssamlar yerli əhalinin toxuduğu xalçalarla yaxından tanış olmaq üçün dəfələrlə qocaman xalçaçılar, kənd ağsaqqalları, tarixçi etnoqraflarla görüşmüşlər. Bakı qrupu xalçalarının klassik kompozisiyaları, rəng və naxışsalma ənənələri nəzərə alınaraq, Bakıətrafı kəndlərin hər birinin ayrı-ayrılıqda yeni rəmzi işarələri, simvolik obrazları işlənib hazırlanmışdır. Çeşnilərin hər birində Bakı kəndlərinin özünəməxsus yaşam və düşüncə tərzini, tarixi rəmzlərini xalça elementlərinə çevirməklə Azərbaycan xalçaçılıq ənənələrini zənginləşdirmiş, milli mədəniyyətimizin tətbiqi sənət tarixində yeni səhifələr açılmışdır.
Sərgi 15 aprel tarixinədək davam edəcək.
****
“Bakı Xalçaları. Yeni çeşnilər” adlı kitabda Bakı kəndlərinin tətbiqi sənət tarixi, klassik sənətkarlıq ənənələri, yeni yaradılmış çeşnilər, Bakı xalçaçılıq qrupu haqqında məlumatlar nəşr edilmişdir. Bu kitab ölkənin görkəmli xalça mütəxəssisləri və sənətşünaslarının iştirakı və xeyir-duası ilə tərtib edilmişdir. Kitabda Azərbaycanın xalçaçılıq sənəti, klassik Bakı xalçaları, xüsusilə yeni yaradılmış xalça çeşniləri haqqında geniş məlumat verilir.
****
Heydər Əliyev Fondu tərəfindən
Bu xalça Azərbaycan xalçaları içərisində özünəməxsus yer tutur. Çünki bu xalçalar vaxtilə Qarabağda toxunur və İpək Yolu vasitəsilə xarici ölkələrə daşınırdı. Təəssüf ki, hazırda ölkəmizdə bu xalçalardan qalmamışdı. Bu baxımdan, Heydər Əliyev Fondu tərəfindən bu xalçanın nəinki Azərbaycan Xalça Muzeyinə, ümumiyyətlə Vətənə qaytarılması ən böyük töhfələrdən biridir.