Avropa İttifaqının Azərbaycan Respublikasında nümayəndəliyinin rəhbəri EKO Parkda olmuşdur
Avropa İttifaqının Azərbaycan Respublikasında nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas 23 oktyabr 2019-cu il tarixində Zirə Mədəniyyət Mərkəzi - EKO Parkın qonağı olmuşdur. Mərkəzlə tanışlıq foyedə qurulmuş Heydər Əliyevin büstü önündən başlamışdır. Cənab səfir mərkəzin icraçı direktoru E. Sadıqovla Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkmişlər. Cənab səfir mərkəzdə məktəbli və tələbələr üçün yaradılmış müxtəlif yönümlü kurslar və şəraitlə yaxından maraqlanmışdır. Xalça Muzeyində nümayiş edilən Rusiya İmperatorunun əmri ilə 1903-cü ilə aid azərbaycan xanlıqlarının Rusiyaya birləşdirildikdən sonra tərtib edilmiş topoqrafik xəritənin surəti cənab səfirin böyük diqqətinə səbəb olmuşdur. Səfirə qədim Azərbaycan torpaqları, İrəvan xanlığı barəsində geniş məlumat verilmişdir. Xalça Muzeyinin iki ekspozisiya: yaşı yüzdən çox olan "Qədim Xalılar" və Bakı kəndləri adına yeni yaradılmış "Bakı qrupu: Yeni çeşnilər" ekspozisiyası cənab səfirin diqqətini cəlb etmişdir. Bu layihənin unikallığını önə çəkən cənab səfir, görülmüş işin həcmini dəyərləndirmişdir. Burada təşkil olunmuş ödənişsiz xalça tədrisinin qədim xalçaçılıq ənənələrinin gələcək nəsillərə çatdırılması üçün mühüm rol oynadığı xüsusi vurğulanmışdır.
Çay süfrəsi ətrafında söhbət zamanı cənab səfirə dəvəti qəbul edərək Zirəyə gəldiyi üçün təşəkkür edilərək Mərkəzin yaradılması və imkanları barədə ətraflı danışılmışdır. Cənab Kestutis Yankauskas dəvət üçün təşəkkürünü bildirərək Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi və layihələşdirdiyi işlərdən danışmışdır. Sonda cənab səfir "Xatirə bağı"nda ağac əkmişdir.